Arxiv
Yoga+Pilates=Yogalates (4 dəq)
Natavan
Yazıçı · 4 oktyabr 2026 · 4 dəq oxu

Məlum məsələ yaz gəlir, havalar isinir, hamı dəniz mövsümünün sonuna kimi sağlam həyat tərzi vərdişini qazanmaq istəyir. Bu gün sizə idmanla bağlı öz şəxsi təcrübəmdən yazmaq istəyirəm. Özünüz də hiss etdiyiniz kimi masa arxası iş, ofis həyatı bizim fiziki görünüşümüzə mənfi təsir göstərir. Bu rutinə çevriləndə ara-sıra oynaq, boyun ətrafı ağrılar, tənbəllik, yorğunluq da üstünə gəlir. Universitetə qəbul olduqdan sonra (söhbət 2010-cu ildən gedir) başa düşdüm ki, artıq özümə zaman ayırmaq vaxtıdır (me timeJ). Tələbənin cibində aylıq fitness ödənişi edəcək qədər pulu olmadğını nəzər alsaq, evdə hər gün məşğul ola biləcəyi pulsuz və effektiv idman növü lazım idi. Mən məhz belə Ebruli proqramının aparıcısı və bir vaxtlar model olan Ebru Şallı ilə Pilatesə başladım.
Pilates
2011-ci ildən etibarən demək olar ki, hər gün intensiv şəkildə pilates ilə məşğul olurdum, maraqlanırdım. Vaxt keçdikcə hərəkətləri daha rahat edə bildiyimi, özümü gümrah, elastik hiss etdiyimi, düzgün nəfəs, oturuş, duruş vərdişlərinə yiyələndiyimi gördüm. O qədər həvəsləndim ki, Bazarstoredan Ebru Şallının fitness setini, kiçik və böyük ölçülü topunu, mat və pilates çevrəsini aldım. Həftədə 5 gün səhər verilişinin bir hissəsi olan 45 dəq-lik pilates dərsi yaxşı qruplaşdırılmışdı. Deməli, Bazar ertəsi bütün bədən, Çərşənbə stretching, Cümə kardio, qalan iki gün isə istəyə uyğun olaraq abdominal, ayaqlar, qollar kimi dəyişirdi. Ən maraqlı stretching günü idi, çünki elastikliyin artması nəticəsində bir ayaq o birisindən uzun olurdu. Yəqin ki, bilirsiniz pilates və yoqa ilə məşğul olmaqla boyu 2-3 sm artırmaq olur, o da onurğada fəqərələr arası məsafənin stretchinglə artması hesabına olur.
Bəs Yoqa?
Həmin ərəfədə qarşıma tez-tez yoqa və meditasiya ilə bağlı videolar, yazılar çıxırdı. Bu qədər populyarlaşmağa başlayan yoqaya buddizm nöqteyi-nəzərindən yanaşmadım, sadəcə bədən elastikliyinin, balansın, diqqətin artırılması, “burada və indi” təcrübəsi üçün bir vasitə kimi yanaşdım. 2015-ci ildə qışda Bakı Su İdmanı Sarayında pulsuz yoqa dərsi təşkil edilmişdi. Çoxdandır arzusunda idim və effektini görmək üçün getdim. İnanılmaz idi! 1.5 saat yoqa məşğələsindən sonra özümü təzə sacdan götürülən üstünə su səpilib kənara yığılan lavaş kimi hiss edirdim. Əvvəlcədən Pilateslə məşğul olduğum üçün hərəkətləri daha asan edə bilmişdim, ona görə də effekti daha dərindən hiss edə bilmişdim və axıcılığa tez uyğunlaşmışdım.
Əbəs yerə demirlər yoqa ruhla bədənin harmoniyasıdır. Çox rahat, sakit, səssiz, hüzurlu olmuşdum, yaşadığım təcrübəni yadıma salanda yenə də eyni təəssüratı yaşayıram. Bir sözlə Möhtəşəm!
Aylıq 80 man ödəniş etməklə eyni hissi həftədə bir neçə dəfə yaşaya biləcəyimizi dedilər. Ziqmund Freydin terapiyaya pul ödəməyən xəstə sağalmır iddiasına zidd gedərək, pulsuz o təəssüratı yenidən yaşamaq fikrinə düşdüm.
Və budur-Serendipity! Xoş bir təsadüf nəticəsində Yoga with Adriene Youtube kanalını kəşf etdim. Aktrisa Katherine Heigl facebook profilində bölüşmüşdü və çox yaxşı rəy yazmışdı. Nəsə etmədim tənbəllik kanala abunə oldum. Qəbul etdiym ən gözəl qərar! O gün bu gün pilatesə ayırdığım vaxtı yoqa ilə əvəzlədim. Kanalda 30 günlük müxtəlif, bir neçə yoqa kamplar, fokuslanmaq istədiyiniz məsələlər ilə bağlı video dərslər var. İlk vaxtlar çətin olsa da, bir neçə aydan sonra gözünüzün videoda qalmağa ehtiyacı olmur, özünüz axına uyğunlaşırsınız. Hətta müəyyən vaxtdan sonra video dərs olmadan istəyinizə uyğun hərəkətləri edirsiniz. Narahat, stressli hiss edirsinizsə düzgün nəfəs terapiyasına əsaslanan “Yoga for anxiety”, rahat yatmaq istəyirsinizsə “Yoga before sleep”, günə enerjili başlamaq istəyirsinizsə “Morning Yoga” kimi videolardan istifadə edə bilərsiniz. Əsas odur özünüzə qulaq asın və nə istədiyinizi müəyyənləşdirin.
Yogalates
Yeni bir trenddir. Yoga və pilatesin birlikdə tətbiq edildiyi idmandan çox sağlam həyat tərzidir. Hər ikisini edərək hansı dəyişiklikləri görə bilərsiniz?
-yorğunluq azalır yerinə daha enerjili biri-siz gəlirsiniz
-elastikliyiniz artır və bu özgüvən hissi yaradır
-hərəkətləri daha axıcı, şüurlu şəkildə edirsiz bu da seçim, sərbəstlik hiss yaradır
-vaxt ayırdığınıza görə siçovul yürüşünə oxşayan həyatınızda mənəvi rahatlıq, aydınlıq, harmoniya tapırsız
-onurğaya dəstək olursuz
-diqqətiniz, ətrafınızda baş verənlərə duyarlılıq hissi artır
-stresslə qarşılaşdıqda daha təmkinli reaskiya verirsiz
-uzununa əzələləri inkişaf etdirir, bununla da incə, zərif görünüşə sahib olursunuz
Nə qədər klişe səslənsə də “Sağlam bədəndə sağlam ruh olar”
Qeyd: bu yazı 2018-ci ildə natadan.com bloqunda dərc edilmişdi