Arxiv
Tarixən dəyişən qadın obrazı
Natavan
Yazıçı · 4 oktyabr 2026 · 5 dəq oxu

Karl Qustav Yunq və Qadın psixologiyası
Karl Qustav Yunqu yəqin ki, çoxunuz tanıyırsız. “Xatirələr, yuxular, düşüncələr” kitabının müəllifini yaxından tanımaq məqsədilə kitabı çətinliklə də olsa ADA Universitetindən tapdım. Kitabın avtobioqrafiya olduğunu bilmirdim və məndə bu qədər dərin iz buraxacağını isə heç düşünməmişdim. Kitabdan qadınların psixotipləri haqqında yaxşı təhlillər və nümunələr gətirilmişdi. Təbii ki, bir kişinin qadınlar haqqında xüsusən də daxili dünyası, emosiyaları, fikirləri və davranışları haqqında belə detallı şərh etməsi məni yaxşı mənada təəccübləndirdi. Digər həmkarlarından fərqli olaraq qadınların cəmiyyətdə dəyişən rolunu qərəzsiz və birtərəf təhlil etmişdi. Kitabdan footnote-a baxdım və sən demə keçid sivilizasiyaları kitabında Avropada Qadınlar mövzusunda yazı yazdığını gördüm. Həmin 20 səhifəlik yazıdan əsas məqamları sizinlə paylaşmaq istəyirəm.
Bu yazını 8 Mart Qadınlar gününə həsr etməyim təsadüf deyil. Çünki sürətli dəyişən cəmiyyətdə biz qadınların rolu da dəyişir. Bu gün qadınlar təkcə ana və evdar xanım deyil həm də rəhbər, mühəndis, siyasətçi, sahibkardırlar. Əlbəttə deyəcəksiz ki, 100 il əvvəl də qadın mühəndislər, siyasətçilər olub. Haqlısız, lakin bu gün onların sayı, faiz nisbəti artıb. Qadınlar daha çox ambisiyalı olub, iqtisadi azadlıq əldə ediblər. Bu da onlara bir növ sərbəstlik verib, öz gələcəklərinə dair planlar qurmaq imkanı yaradıb. Hər bir inqilabın arxasında müəyyən aparıcı qüvvələr, səbəblər və ya cəmiyyətdəki şərait olur. Yunq da bu keçidə prosesinə aydınlıq gətirib.
Avropada Qadınlar Şərq və Qərb arasında
“Die Frau in Europa” adı ilə ilk dəfə olaraq 1927-ci ildə çap olunub və Yunq etiraf edir ki, bu mövzuya toxunmağa təhrik etməsəydilər çətin ki nəsə yazardı. Ona görə yox ki, dəyməz ona görə ki, bir kişi üçün əks cinsi haqqında yazmaq küskünlükdən, şəxsi ədavətdən uzaq, illuziya və nəzəriyyələrdən kənar həsas yanaşma tələb edirdi...
Avropa Asiyalı Şərqlə Anqlo Sakson qərb yoxsa Amerika deməliyik mi onun arasında bir yerlərdədir. Bu fərqlilik özünü təkcə irqi səviyyədə göstərmir, həm də ideallar, cəmiyyətlərdə, həyat və yaşam tərzində göstərir. Qərb cəmiyyəti maksimum siyasi azadlıq və minimum şəxsi azadlıqla təcəssüm olunsa da Şərq cəmiyyətində tamamilə əksi müşahidə olunur. Qərbdə Avropada elmi texnoloji inkişaf şərqdə isə spiritual qüvvələrin idealların oyanışı. Qərb fiziki dünya ilə məşğul olarkən şərq özünü mənəvi dünyaya həsr etmişdi. Sanki qərb daxili dünyasını naməlum müddətə təxirə salmışdı, çünki kəşflər inkişaf bütün vaxtı və enerjini alırdı. Qərbin gücü materializm idisə də Şərqinki idealizm idi.
Ümumiyyətlə bu fikirlərə mən dəfələrlə rastlaşmışdım. Yaşam tərzini başa düşmədiyim, lakin fikirlərinə, həyata baxışına hörmət bəslədiyim Osho da eyni şeyləri vurğulamışdı. Şərqin inkişafdan geri qalmasını, həmvətənlilərinin kasıb, amma həyatdan məmnun qalmasını onların əsrlər boyu izlədiyi dini, spiritural fəaliyyətə bağlamışdı. Ona görə Şərq sakit hüzurlu həyatdan razı idilər, amma Qərb vurnuxan həmişə nəsə axtarışda olan özünü isə bir növ unudan nevrotik psixotip olmuşdu. Rasional yaşam onu əsl təbiətindən uzaqlaşdırmışdı, amma əvəzində inkişaf etmiş ağıllı cəmiyyətlər buraxmışdı. Lakin boşluq qalmışdı, ona görə psixologiya inkişaf etmişdir. Ümumiyyətlə hər şəy tələb təkliflə tənzimlənir. İnsanların özünü axtarışı psixologiyanın inkişafına səbəb olmuşdu. Ona görə qərbdə hər ailədən ən az bir nəfər də olsa psixoloji konsultasiya keçsə də, şərqin belə bir problemi yox idi. Ayinlər, yaxın ailəvi bağlar münasibətlər, ideallar onlara hüzur vermişdi.
Osho deyirdi ki, insan özündə iki fiquru daşıyır qadın və kişi. Avropanın bu fərqli iki cəmiyyətlər arasındakı mübarizəsi qadının daxili dünyasında psixoloji və ya ruhi konfliktinə bənzəyir...
Tarixin dəyişdirdiyi Qadın obrazları və rolları...
Gəlin Yunqun bu yazını dərc etdiyi tarixə nəzər salaq. 1927-ci il. Birinci dünya müharibəsinin insanlarda buraxdığı dərin izlərin, zərbələrin təsirlərinin azalmasına istiqamətlənmiş period. Cəmiyyətin kişi istiqamətli olduğu və qadınların kişilərin dünyasında yaşadığı ərəfə. Bu qadınların əsas təbiətinin, hislərinin, duyğularının, daxili dünyalarının basdırıldığı və kişilərlə uyğunlaşmaqda, uzlaşmaqda olduğu zaman kəsiyidir. Kişilərin proyeksiya olunmuş hissləri ilə inandırıldğı, özünü ifadə etdiyi dönəmdir. Kişiləri gizlətməmək üçün öz eqo və arzularını arxa plana salan qadınlar...
Bütün təbii proseslərin iki tərəfi var. Nəsə şüurlu şəkildə etmək istəyəndə biz iki tərəfi qaranlığı və işığı görməliyik. Ağda qaranı, qarada ağı. Müşahidə etsək görərik ki, 19-cu əsrin ikinci yarısından bəri qadınlar maskulin peşələri götürməyə başlayıblar-siyasi hərəkatlarda aktivlik, komitələrdə oturmaq və s. Beləliklə qadın özünün şüuratlı feminine saf təbiətini qırır və cəmiyyətdə gözə görünən üzvü olmaq üçün maskulin psixologiyasına təslim olur...
Sosial müstəqillik istiqamətindəki bu addım iqtisadi və digər faktorlara vacib cavabdır. Lakin bu özlüyündə bir simptomdur. Yunq qeyd edir ki, belə qadınların özünü qurban etmə cəsarəti və bacarığı sözsüz ki, təqdirə layiqdir və bu cür cəhdlərin nəticəsində yaranan yaxşını, xeyiri görməmək üçünsə sadəcə kor olmaq lazımdır. Lakin heç kim bir faktı da inkar edə bilməz ki, maskulin peşələrə yiyələnmək, oxumaq, kişi kimi işləməklə qadın nəsə dolayı yolla öz feminine təbiətini yaralayan və harmoniyada olmayan şeyləri edir.
Yunq bir az yumor da qatır məsələyə və yazır ki, Qadın kişilərin (əgər həmin kişi Çinli deyilsə) nadir halda edə biləcəyi şeyləri edir. Məsələn kişi tibb bacısı (indi qardaşı) ola bilərdi mi, və ya uşaq bağçalarını idarə edə bilərdi mi?
İki elementin (qadın və kişi) vəhdəti-insan
Qadının üstün xaraktersitikası həm də sevdiyi kişiyə görə hər şeyi edə bilməsidir. Lakin nəyəsə (peşə, fəaliyyət, ideyalar) olan sevgiyə görə mühüm nailiyyətlər əldə edən qadınlar ən çox istisna təşkil edənlərdir. Çünki bu onların qadın təbiəti ilə həqiqətən də uzlaşmır. Yunq bilmədi ki, 1927-ci ildə yazdığı təsvir etdiyi qadınlar 92 il sonra artıq istisnalar qrupunda deyillər və əksəriyyəti təşkil etməkdədirlər. Müəllif əlavə edir ki, nəyəsə olan məhəbbət kişilərin imtiyazıdır. Lakin insan təbiətinin qadın və kişi elementlərindən ibarət olduğunu nəzər alsaq, kişilər özünün feminine hissəsində qadınlar isə maskulin hissəsində yaşaya bilərlər. Lakin bu elementlər hər ikisində də arxa plandadır. Bu elementlər ön plana gələndə isə əsl öz, fərdiyyət, təbiət əzab çəkir...
Nigaha, ailə institutuna qadının münasibəti
Amerikada hər dörd nikahdan biri boşanma ilə sonlanır. Ən maraqlısı odur ki, bu dəfə səbəbkar kişilər yox məhz qadınlardır. Qadın şübhə və naməlum duyğular içərisindədir...
Yunq qeyd edir ki, psixologiya bir sahə kimi qadınlara hardasa borcludur. Çünki 19-cu əsrin sonuna doğru bir sosial elm sahəsi kimi inkişaf edən psixologiya, analitika materiallarının böyük faizi məhz qadınlardan gəlir. Qadınların kişilərə nisbətən daha psixoloji varlıq olduğunu vurğulayır. Kişilər yalnız “faktlarla”, əşyalarla maraqlanır, “məntiqlə” kifayətlənir. Lakin eynisi qadınların təbiətinə ziddir. Onlar üçün bir əşya ilə bağlı keçirilən hisslər, duyğular əşyanın özünü öyrənməkdən daha vacibdir.
Və təbii olaraq da qadın psixologiyanın birbaşa eksponentidir və özünün zəngin töhfəsini verir...
Şərait elə gətirdi ki, qadınlar maskulin xüsusiyyətlər götürməli oldular, belə getsə onlar qədimi saf instiktiv feminine dünyada deyil kişilərin dünyasında yalnız və itkin şəkildə qalmalı olacaqlar. Nyutonun üçüncü qanunu deyir ki, təsir əks təsirə bərabərdir. Yunq da fikrini belə tamamlayır-beləliklə kişilər də özlərinin feminine tərəfini inkişaf etdirməyə, gözlərini açmağa (psixo və Erosa) məcbur olacaqlar. Əgər uzaqdan kənardan heyranlıq göstərməyi, lakin həmişə onun (qadının) cibində gizlənilmək təhlükəsi ilə qarşılaşmaq, ümidsiz üsyankar tərzdə qadını izləməyi seçmək istəmirsə, “feminine tərəfi Erosu inkişaf etdirmək” kişilərin boyun qaçıra bilməyəcəyi tapşırıqdır...
Təəssüf ki, heç birimiz arzuladığımız dünyada deyil, xeyirlə şərin bir-birilə toqquşduğu, bir-birini dağıtdığı, əllərin çirklənmədən nəyinsə yaranmadığı, qurulmadığı dünyada yaşayırıq.
Və nə qədər də hər şey pis qurtarsa da həmişə coşqulu alqışların müşaiyətində sizi heç nəyin baş vermədiyi, hər şeyin qaydasında getdiyinə inandıracaq kimsə tapılacaq...
Müasir qadın kimdir və rolu nədir?
Müasir qadın danılmaz bir faktın fərqinə varıb: yalnız sevərək o bacardığının ən yaxşısını, ən yüksəyini əldə edə bilər və bu bilik onu başqa bir reallığa aparır-sevgi qanundan kənardır, üstündür...Qadın bilmir ki, məhəbbət-onun sahib olduğu -ən dəyərli, ən şəxsi dəyər- onu tarixlə konfliktə apara bilər. Bu qadın üçün çox gözlənilməz və absurd görünə bilər.
Amma kim tam olaraq başa düşüb ki, tarix qalın cildli kitablarda deyil məhz qanımızda yaşayır?..
Qadın nə qədər keçmişin həyatını yaşasa o heç vaxt tarixlə konfliktə girə bilməyəcək.
Mübarizə...iki bəşəri qüvvə arasında...tarixi ətalət və yaratmağa ülvi (ilahi) çağırış...
Ənənələri qırıb tarix yazmaq üçün “qeyri tarixi” olmağa hazırdır mı?
Uğrunda Hər şeyini risk (fəda) etməyə hazır olmayan bir kimsə tarix yaza bilməz, ən acı sonuna kimi öz həyatında təcrübə etməyə və həyatının keçmişin deyil, yeni başlanğıcın davamı olduğunu elan etməyə hazır olmayan bir kimsə...
Qadınlar getdikcə daha çox başa düşürlər ki, yalnız sevgi tam, bütöv bir yüksəlişə, özünü ifadəyə gətirə bilər, kişilər isə özlüyündə anlayırlar ki, yalnız ruh həyata özünün ən ali mənasını verə bilər.
Hər ikisi ruhi (psychic) münasibət axtarışındadır, çünki tamamlanmaq üçün sevginin ruha, ruhun isə sevgiya ehtiyacı var...
Proqnoz nədir?
Yunq daha sonra maraqlı yanaşma ilə fikrini tamamlayır və ailə, nigah məsələsinin gələcək inkişaf yönümünü proqnozlaşdırır:
Avropa psixotipi (psyche) müharibənin barbarlığı nəticəsində parçalanıb. Kişilər xarici zədələri bərpa etdiyi halda, qadınlar -şüuraltında həmişə olduğu kimi-daxili yaralarını sağaltmağa çalışır və bunun üçün o özünün ən vacib silahı olan ruhi münasibətə ehtiyac duyur. Lakin, buna orta əsr nikahlarının müstəsnalığından çox heç nə maneə törətmir, ləngitmir. Yalnız bir halda, əgər insanlar arasında ruhi (psychic) məsafə varsa münasibət mümkündür. Mənəviyyatın azadlığı tələb etməsi kimi...Bu səbəbdən qadının şüuraltı meyli nigah və ailənin dağılmasını deyil, bir quruluş kimi yumşalmasına çalışır. Əks təqdirdə bu qeyri-mənəvi olmaqla yanaşı, həm də öz (qadının) gücünün, səlahiyyətlərinin tamamilə patoloji sui-istifadəsi olardı.
Məqalənin sonunda Yunq öz fikrini belə tamamlayır
“Bugünün qadını əzəmətli, bəşəri, mədəni vəzifə ilə qarşı-qarşıyadır və şübhəsiz ki, bu yeni bir dövrün şəfəqi olacaq.”
Nəticə
Məncə hər kəs Yunqun hər iki məqaləsini-“Avropada Qadınlar” və “Nigah-psixoloji münasibət kimi”-oxumalıdır. Mən şəxsən bir çox suallarıma, şübhələrimə, müəmmalı görsənən dəyişikliklərə, yaxud Yunqun qeyd etdiyi şüuraltı daxili mübarizəyə cavab tapa bildim. Məqsədim kişi qadın cəbhəsi yaradıb uçurumu dərinləşdirmək deyil, tam əksinə əslində hər iki tərəfin daxili axtarışda olduğu, istədiyini tapana kimi hər şeyi təcrübədən keçirməyə hazır və keçirməkdə olan müasir insanın Yunqun dediyi qanımızda yaşayan tarixlə mübarizə edib yeni tarix yazmaq istəmə niyyətinin cinsə bağlı olmadığını vurğulamaqdır. Müasir insan azad, müstəqil, bəşəri bir fərd olmağa çalışır.
Bəli, əziz xanımlar, əminəm ki, bu cümlələrdə, abzaslarda ən azı birində siz də özünüzü tapdınız və yaxşı mənada təəccübləndiniz. Nəzərə alsaq ki, bu gün ailə institutunda yeni nəslin yetişdirilməsi, tərbiyəsi və yaxud həyat əlifbasının öyrədilməsi kimi təməl anlayışlar, bünövrə əsasən qadının vəzifəsidir və adətən uşağın tanıdığı ilk qadın fiquru məhz analar olur, o zaman destruktiv deyil konstruktiv istiqaməti vicdanla, ədalətlə göstərmək də bizim, lakin ümumbəşəri insan yetişdirmək isə hamımızın üzərinə düşür. Yeni tarixin yazılması təşəbbüsü qadınlardır (şüurlatı səviyyədə). Ümid edirəm ki, Yunqun qeyd etdiyi yeni dövrün şəfəqi sevgiyə əsaslanan ali ruhi səviyyəyə çatmış münasibətlərlə, ailələrlə parlayacaq.
MƏNBƏ: "Woman in Europe" by Carl Gustav Jung, 1927
Qeyd: bu yazı 8 mart 2019-cu ildə natadan.com bloqunda dərc edilmişdi