Arxiv

Siciliyaya səyahət II hissə-Xaç atası turu və Catania (3 dəq) fotohesabat

N

Natavan

Yazıçı · 4 oktyabr 2026 · 5 dəq oxu

Siciliyaya səyahət II hissə-Xaç atası turu və Catania (3 dəq) fotohesabat

Siciliya-mafiya babalarının, don və donnaların məkanı. Düzü yerli sakinlər dedilər ki, adımız pis çıxıb Siciliya indi təhlükəsiz yerdir. Orada olarkən addımbaşı Godfather film musiqisini eşdirdik. Yazını oxuyarkən eyni təcrübəni yaşamanız üçün French Latino ifasında Parle Plus Bas qulaq asmanızı tövsiyə edirəm. Başladıq…

Xaç atası trilogiyasının bir çox səhnələrinin lentə alındığı kilsəni, Don Korleonun Apolloniyanın atasından qızı ilə görüş icazəsinin aldığı Vitelli barı özündə əks etdirən iki fərqli məşhur məkan: Forza D’agro və Savoca

FORZA D’AGRO

Forza D’agro-ya getsəniz mütləq xaç atası temalı Villa Souvenir restoranında oturub xoş atmosferdə 420 m hündürlükdən açılan əsrarəngiz təbiət görüntüsündən zövq alaraq xaç atası soundtrack-“Parle Plus Bas” sədaları altında fərqli dəniz məhsullarının dadına baxmalısınız. İtalyan təşkilatçıları kim bura gəlib şəkil çəkdirirsə facebook profil şəklini dəyişir dedikləri təpəyə-daşın üstünə qalxdıq. Haqlı idilər, layihə iştirakçılarının çoxu profil şəklini dəyişdilər. Həmin yerdən tüstülənən Etna vulkan dağının səmada özünə açdığı yolu seyr etdik.

SAVOCA

Filmdə necə idisə elə də qalıb Bar Vitelli. Çöl nə qədər günəşli, isti olsa da içəri keçərkən sizi qalın daş divarların yaratdığı qəribə rütubət qoxulu sərin, nəm hava qarşılayır. Godfather film musiqisi və Il Padrino fiqurlu suvenirlər isə olmazsa olmazlardandır. Təbii ki, bir də 300 dollarından keçib rəngarəng sarılı, qırmızılı, yaşıllı klassik Fiat 500 maşınları ilə romantik Godfather turuna çıxan qruplar var.

CATANIA

Layihədə bizə bir gün boş vaxt verilmişdi. Çox fikirləşdik axırda qərara gəldik ki, Siciliyanın ikinci ən böyük şəhəri Catania-ya gedək. Həm ziyarət edərik, həm də ticarət. Bir gün öncədən təşkilatçı bizə ilk və sonuncu qatarın saatlarını dedi, amma bileti necə almaq lazımdır onu demədi. Düşündük ki, yəqin Sant’Alessio Siculo stansiyasından ala biləcəyik. Səhər saat 8:45-dir və biz stansiyada saf şəkildə avtomat maşın və ya italyan stansiya işçisi axtarırıq ki, bilet alaq. Tabacchi sözünü və nə işə yaradığını ilk dəfə həmin qəsəbədə öyrəndim. Qərarlaşdırdıq ki, stansiyaya kimsə gələnə kimi mən gedim qəsəbədə bileti necə ala biləcəyimizi yoldan keçənlərdən soruşum. Siciliyalılara olan rəğbətim elə orda yarandı. Ümumiyyətlə Siciliyada ingilis dilində danışa biləni tapmaq ABŞ-a Green Card udmaq kimidir:mümkündür, lakin şans məsələsidir. Yaxşı ki, eng-it lügət yükləmişdim və lazım olan sözləri tez yazıb vəziyyətdən çıxa bilirdik. Nəsə, səhər olduğundan qəsəbə hələ təzə oyanmağa başlamışdı. Balaca qarajda maşın təmiri ilə məşğul olan göy kombinezonlu işçilərdən “stazione”, “ticket”, “Catania” deyib işarələrlə bir təhər soruşdum. Adam məni başa düşdü, amma “Non parlo italiano” sözümə məhəl qoymadan cavabı elə italyanca yapışdırdı ki üzümə heç nə başa düşmədim. Ancaq Tabacchi sözünü eşitdim si, si, grazie deyib getdim. Bu dəfə qarşıma dənizdən yenicə balıqları tutub gətirən, piştaxtaya səliqə ilə düzüb sulayan italyan ortayaşlı dayılar çıxdı. Bu dəfə tədbirli davranıb bir neçə dəfə Tabacchi dedim, onlarda özlərinə xas emosional şəkildə əlləri ilə başa salaraq italyanca danışdılar si, grazie deyib yoluma qaçaraq davam etdim. Saat 8:55 Tabacchidə xanım kassirdən 5 ədəd bilet alıram ki tez ol gecikirəm. Bir tərəfdən qatarı qaçırdıb biletləri batırmaq həyəcanı, bir tərəfdən də stansiyadan 5-7 dəq-lik məsafədə olan Tabacchidən qaçaraq necə çatacağım fikri məni narahat edirdi. Bu ərəfədə isə xanım kassir Zootopia animasiya filmində sloth kimi aram-aram biletləri çap edir, pulları sayıb “it is OK, it is OK” deyirdi. Özümə “Run, Charlie, run” deyib Forrest Gump abu-havasında 9 tamamda stansiyaya təngənəfəs qatarla birlikdə çatdım. Maraqlı təcrübə oldu və həmin gün başa düşdüm ki, qaçmağı öyrənmək lazımdır.

Catania bizdə çirkli, qarışıq qraffitili, baxımsız boz şəhər təəssüratı yaratdı. Maps.me ilə yarım gün gəzdik və qeyri-adi heç nə görmədik. Bircə meyvə-tərəvəz, balıq satılan körpü yanında qurulmuş açıq havada bazar bizə ləzzət elədi. Satıcının məsləhəti ilə duzlu balığın dadına mandarinlə baxdıq və yolumuzu Porte di Catania alış-veriş mərkəzinə tutduq. Mərkəzdən yarım saatlıq məsafədə yerləşdiyindən və heç bir avtobus işləmədiyindən taksi ilə gedəsi olduq. Sürücü eyni qiyməti verin axşam sizi aparım yenidən stansiyaya təklifini etdi, biz isə yox onsuz da baha gətirmisən istəmirik dedik. Təbii ki, bu müzakirə də italyanca oldu native speaker olan sürücü və heç beginner səviyyəsində olmayan biz.

Sən demə onlarda alış-veriş mərkəzlərində taksi anlayışı ümumiyyətlə yox imiş, bizim gözləntimiz isə Park Bulvar, 28 Mall ətrafında düzülən “taksi, taksi” qışqıran doğma mənzərə idi. Yanıldıq, özü də çox pis, lakin şanslı günümüzdə idik. Stansiyaya vaxtında çatmasaq, axırıncı qatarı ötürmüş olurduq və qaldığımız hotelə də taksiylə getsək 100 eur civarında xərcimiz olacaqdı. Çox endirim istəyən azdan da olar misalını yaşamaq üzrə idik ki, xeyirxah italyan cütlüyü qarşımıza çıxdı və bizim üçün taksi sifariş etdi. Vaxtında stansiyaya çatıb qatarımıza mindik. Axşam qatarı idi mi deyə, ya necəsə info panellərdə növbəti stansiyaların adları göstərilmirdi və bizimlə eyni stansiyada düşəcək balıqçıya etibar etdik, macəralı, həyəcanlı günümüzü hoteldə parmezanlı pasta ilə bitirdik.

Siciliya həyatımın ən gözəl, parlaq, yaddaqalan, yeniliklər və hüzurla dolu xoş xatirəsi oldu. Höte həqiqətən də haqlı imiş, Siciliya hər şey üçün ipucudur. Catania-Rome reysinə minməzdən əvvəl yardım qutusunda euroların arasında milli valyutamızı 5 manatı görmək də doğma vətənə qayıdışımızın elə da uzaqda olmadığını xatırlatdı.

Qeyd: yazı 2018-ci ildə natadan.com bloqunda dərc edilmişdi

Ape Wine Bar La Dolce Vita (Savoca) -
Ape Wine Bar La Dolce Vita (Savoca) -
) -Don Karleon, qızınla görüşmək istəyirəm (Bar Vitelli)
) -Don Karleon, qızınla görüşmək istəyirəm (Bar Vitelli)
Forza D’agro
Forza D’agro
The Godfather
The Godfather
Passion Fruit Italiano
Passion Fruit Italiano
Panini alle olive, pizza
Panini alle olive, pizza
Vespa, Catania
Vespa, Catania
 -Quante ore?
-Quante ore?
Siciliyalılar bazarda
Siciliyalılar bazarda
Cataniada meydan
Cataniada meydan
Şimaldan gələn orta yaşlı Bolonyalı İtalyan cütlüklə tanış olduğumuz meydan, Catania
Şimaldan gələn orta yaşlı Bolonyalı İtalyan cütlüklə tanış olduğumuz meydan, Catania

Digər yazılar