Arxiv

Romada 2 gün (video, foto hesabat, xərclər)

N

Natavan

Yazıçı · 4 oktyabr 2026 · 5 dəq oxu

Romada 2 gün (video, foto hesabat, xərclər)

Erasmus+ Youth Exchange layihələrində yəqin ki olmusunuz. Bir həftəlik Siciliya səfərindən sonra “bəs İtaliyanın paytaxtı Roma?” sualına öncədən cavab hazırladıq və Bakıya qayıtmazdan əvvəl iki günlük paytaxta yola düşdük. 27 və 28 Noyabr tarixlərində Romanı həm ziyarət etdik, həm də ticarət.

Səhər saat 9-da Catania-dan Romaya olan Ryanair reysimizlə eniş etdik və budur, Fiumicino aeroportunun çıxışında 20 Yanvar metrosunun sürüclərini xatırladacaq mənzərə, lakin bu dəfə italyansayağı. Hələ yola çıxmazdan əvvəl qərarlaşdırmışdıq ki, adambaşı 6 eur-luq Avtobusla aeroportdan Mərkəzi Termini stansiyasına gedəcəyik. Amma fikrimizi dəyişdik daha doğrusu Luca dəyişdirdi. Əvvəlcədən 3 nəfər tapıb kənarda gözlədən Luca bizi-4 nəfəri görüb “-48 eur birbaşa hotelə apararam gəlin getdik” dedi. Cəmi 40 eur razılaşıb getdik shuttle busa. Yolboyu fikirləşdik ki, bizi aldatdı ta ki, qaradərili iş adamını gedəcəyi yerdə düşürdüb 40 eur alana kimi. Luca bizə yolüstü Romanın bəzi tarixi binaları ilə tanış etdi və metro tərəflərdə cibgirlərdən ehityatlı olmağımız barədə bizi xəbərdarlıq etdi. 40 dəq-lik yoldan sonra biz hotelimizdə idik.

HANSI HOTEL?

Booking.com-da üç ulduzlu hoteller arasında ən yüksək reytinqə sahib və Mərkəzi Termini stansiyasından cəmi 300 metr, Kolizeydən isə 2-3 km-lik məsafədə yerləşən Hotel Imperonu seçmişdik. Quadreple nömrədə üç nəfər qaldıq və səhər yeməyi daxil olmaqla gecəsinə adambaşı 23 eur ödədik. Seçimimiz bizi yanıltmadı. İkinci dəfə Romaya getsəm yenə bu hoteli seçərdim.

Hotel Impero
Hotel Impero

Niyə deyə soruşsanız: təmiz və rahat yataqlar; çox çeşidli səhər yeməyi; Termini stansiyasına və Kolizeyə yaxın olması; nömrələrin klassik üslubda dizaynı və İtalyan abu-havası

HANSI MOBİL TƏTBİQLƏR?

Romada bələdçimiz Redigo və maps.me mobil tətbiqetmələri oldu. Offline rejimdə işləyən Roma xəritəsinə getmək istədiyimiz yerləri işarələyirdik və naviqasiyaya uyğun qısa yollar, dar küçələrlə gedirdik. Əlinizdə maps.me applicationu varsa kənardan Mr Beans Holiday filmindəki bu fraqmentdəki kimi görsənəcəyinizdən əmin ola bilərsiniz.

Redigo-da bir günə Romada 15 yer gəzmək üçün yaxşı marşrut cızılıb. Biz hamısına bir gündə çatdırmadıq, lakin mümkündür. Kolizey ətrafında düşündüyümüzdən daha çox vaxt keçirtdik və hər yeri piyada gəzdik.

YEMƏK-İÇMƏK NECƏ?

Romada bir pasta 11-15 eur intervalında dəyişir. Çay içmək isə elə də ucuz deyil. Piazza Di Spagna ətrafında çox kafelərə və restoranlara baxdıq, amma ən sərfəlisi Mc Cafe idi. Təsəvvür edin bir çaynik 12 eur-dur və iki nəfər ancaq yarımçıq içə bilirmiş. Mc Cafedə isə 3 armudu stəkan ölçüsündə twinings paket çay 1 eur, iki ədəd mini muffin isə 1.50 eur-dur. Axşamlar isə atışdırmaq üçün 4-5 eur sendviç tapa bilərsiniz.

Birinci gün gəzdiyimiz yerlər: Kolizey, Venesiya meydanı, Vittoriano, Kapitoli təpəsi, Trevi fəvvarəsi, İspaniya meydançası

Romanı ən gözəl vaxtında ziyarət etmişdik: qızılı yarpaqlar, ağaclar, yolka ilə bəzədilmiş meydanlar, milad bayramı bəzəkli vitrinlər, kafelər və s.

VATİKANA NECƏ GETMƏK OLAR?

Siciliyada olarkən italyan xanım təşkilatçı ilə Cem Yılmazın balzamik təcrübəsini eynən yaşadım. Vatikana necə gedə bilərəm sualında Vatikanın hər hecasını ayrılıqda vurğulayaraq desəm də xanım məni başa düşmədi. Axırda bir az fikirləşəndən sonra

-Aaaa Il Vaticanoo!

Termini stansiyasından 64 nömrəli avtobusun son dayanacağı məhz elə Il Vaticanodur. Romada avtobuslara Termini stansiyasından minməyiniz məsləhətdir yoxsa başqa dayanacaqlarda avtobusları 28-dən Elmlərə gedən metro qatarları kimi ötürməli olacaqsınız. 24 saatlıq biletin qiyməti 7 eur-dur və limitsiz metro, avtobuslardan istifadə edə bilərsiniz. Yox mən şansıma güvənirəm deyirsinizsə, onda biletsiz də ictimai nəqliyyatlardan istifadə edə bilərsiniz. Vatikanda meydanda bir az gəzdikdən sonra çayın kənarında körpünün yanında uzun-uzun vaxt keçirin.

Skripkada ifalar, qladiator geyimlilər, payız günəşi, qızılı yarpaqlar, səhər idmanını edənlər, turistlərə bələdçilik təklif edənlər, işə tələsənlər-bütün şəhər həyatını, Romanın ruhunu məhz orada hiss edə bilərsiniz.

BƏS ŞOPİNQ?

Şopinqi ikinci günün ikinci yarısına saxladıq. İnternetdəki rəylər ən yaxşı yerin Porta di Roma olduğunu göstərirdi. Amma yanlış! IMDB-si 8-dən yüksək olan bəzi orta sinif filmləri kimi bu rəylər də bizi yanıltdı. Şəhər mərkəzində mall anlayışı yoxdur. Porta di Romaya Termini stansiyasından 38 nömrəli avtobusa minərək 40 dəq yol getdik. Axırda isə məyusluq. Çox heyfsləndik, həm qiymətlərin baha olmasına, həm də orada olan mağazaların onsuz da Romanın mərkəzi küçələrində binaların birinci mərtəbəsində olmasına. 38 nömrəli Avtobus isə 20-25 dəq-lik intervalla işləyir. Saat 10 olduqdan sonra şəhər yatır sanki, komendant saatı var biz turistlərin xəbəri yoxdur. Mağazalar, kafelər, restoranlar, marketlər bağlanır, küçədə gəzən adamların sayı azalır. Bilmirəm bəlkə biz həmin ərəfədə şopinqə getdiyimiz üçün şəhərdən çox uzaq idik ona görə hər halda Bakı gecələri kimi işıqlı, dəbdəbəli deyildi.

İkinci gün gəzdiyimiz yerlər: Vatikan, Navona meydanı, Dörd çay fontanı, Panteon, Porta di Roma shopping mall.

GÖZLƏNİLMƏZ SÜRPRİZ!

Hoteldən check out edəndə öyrəndik ki, sən demə Romada turist şəhər vergisi var imiş. Ulduzların sayına görə qiymətlər dəyişir. Biz üç ulduzlu hotelə adambaşı gecəsinə 4 eur ödədik. 10 gündən artq Romada qalmaq fikrində olsanız bu vergidən azadsınız.

Ümumilikdə Romanı sevdim, məncə siz də sevəcəksiniz. Sadəcə altı saat itirdiyim Porta Di Roma səhvini etməyin və şəhəri Noyabrın sonu qızılı Payızla Miladın qovuşduğu ərəfədə gəzin, amma tək yox;)

Qeyd: yazı 2018-ci ildə natadan.com bloqunda dərc edilmişdi

Vatikana Romadan baxış
Vatikana Romadan baxış
Maps.me ilə Fontana Di Treviyə gedərkən
Maps.me ilə Fontana Di Treviyə gedərkən
Günə 2600 eur yığılan fontan
Günə 2600 eur yığılan fontan
Il Vaticano
Il Vaticano
Fontana Del Moro, Piazza Navona
Fontana Del Moro, Piazza Navona
 Pantheon-temple to all gods
Pantheon-temple to all gods
Il Silenzio!
Il Silenzio!
Sweet November in Rome
Sweet November in Rome
Colosseum
Colosseum
İtalyansayağı mağaza vitrini
İtalyansayağı mağaza vitrini
Vespa yurdu-İtaliya
Vespa yurdu-İtaliya
Yağışlı Roma
Yağışlı Roma

Digər yazılar