Səhhət
Rasionalın düşməni düşüncələrin 5 əlaməti (REBT yanaşması) 5 dəq
Natavan
Yazıçı · 17 oktyabr 2026 · 5 dəq oxu

Təxminən iki il əvvəl Amazondan Koqnitiv, yəni şüurlu Davranış Terapiyası (Rational Emotive Behavioral Therapy və ya qısaca REBT) mövzusunda yazılan bir kitab aldım:
A guide to rational living
Kitab ilk dəfə 1961-ci ildə dünyada vətəndaş hüquqları hərəkatları, fərdiyyətçilik (individualism) ictimai fəlsəfəsinin şəfəq etdiyi çağda Amerikada çap olunub və etiraf etməliyəm ki, 60 il keçməsinə baxmayaraq bu gün aktuallığını itirməyib. Kitab gözləntilərimi tam olaraq doğrultmasa da dönüb baxmaq üçün stikerlə işarələdiyim vərəqlər elə də az olmadı. Qərara gəldim ki, özümə faydalı hesab etdiyim hissələri sizinlə də paylaşım.
Eynşteyn deyir ki, dünyanı dəyişmək istəyirsinizsə düşüncələrinizi dəyişməlisiniz. Əslində REBT də onu deyir, yəni insanın emosiyaları öz-özlüyündən və ya sadəcə şüuraltı arzu, ehtiyaclardan qaynaqlanmır. Əksinə narahat emosiyalar özündə həmişə müəyyən düşüncələri, münasibətləri, batil inancları (!) ehtiva edir və əgər düşüncə dəyişərsə onda bizi narahat edən emosional hallar, əhval-ruhiyyə dəyişikliyi də aradan qalxa bilər.
Müəllif qeyd edir ki, nevroz (neurosis) səfeh (stupid sözünə ən etik tərcümə) olmayan insanların axmaq davranışlarının toplusudur. Yəni əslində özləri də öz davranışlarının fərqindədirlər, lakin hansısa qeyri-rasional səbəblərə, inanclara görə belə olmaqda davam edirlər, bir növ özlərini məcbur edirlər, ya da dəyişməyə həvəsləri yoxdur.
Gəlin etiraf edək ki, özümüzə yaxşı bələdik, potensialımızı da bilirik, sadəcə niyəsə özümüzə basqı edib “özün” üzə çıxmağına icazə vermirik. Bax bu niyəsələr qeyri-rasional səbəblərdir və yanlış inanclardan, düşüncə tərzindən irəli gəlir.
Bir nümunədə baxaq:
Uşaqlıqda davranışlarına görə cəzalandırılaraq tərbiyələndirilənlər öz yetkin həyatında keçmiş pis günlərinə kompensasiya olaraq bütün dünyanın onlara bu gün bütöv məhəbbət, şəfqət (complete kindness) borclu olduğuna inanırlar: Keçmişdə əzab əziyyət çəkdiyim üçün bu gün insanlar mənə sonsuz şəfqət, mehribanlıqla yanaşmalıdır.
Bəli, uşaqlar emosional normal olmaq üçün biz böyüklərə hədsiz kimi görsənən diqqət, dəstək və məhəbbət tələb edirlər. Əgər onlara qarşı laqeydlik varsa, mühakimə olunurlarsa, qadağalara məhkumdurlarsa və fiziki şiddətə məruzdurlarsa onlar adətən emosional narahatlıq yaşayırlar və asanlıqla özlərini başqalarının gözündə qeyri adekvat və dəyərsiz kimi görürlər, nəticədə elə bir baxışı, inancı formalaşdırırlar.
İnsanlar təxminən 12 ilini uşaqlıqda keçirir, valideynlərindən asılı olur və axmaq davranışla dərrakəli davranışı çaşdırırlar. Yeniyetmə və yetkinlik çağında isə artıq ömrünün qalan hissəsini özü öyrənməli olur. Təəssüf ki, nə qədər böyüsələr də öz davranışlarında və başqaları ilə münasibətlərdə müəyyən çətinliklər yaşayırlar. Çünki özlərini narahat, depressiv hiss etməyə, arzularını sabotaj etməyə güclü bioloji meylləri var, çünki böyüdükləri cəmiyyətin, ailənin onlardan gözləntiləri var, çünki insanların inersiyaya, fəaliyyətsizliyə, həyəcan axtarışına, əhval-ruhiyyə dəyişikliyinə, neqativizmə güclü meylləri var və çox vaxt bu tip meyllər onları produktiv düşüncədən və planlardan yayındırır. Çünki onlar uzun müddətli perspektivdə zərərli olan qısa-müddətli həzzlərə (həddindən artıq yemək, içki içmək, siqaret çəkmək) baş vururlar.
Nevrotik və ya özünü müdafiə davranışının 5 əsas əlaməti hansılardır? (Dr. Maultsby yanaşması)
1. Tez-tez hadisələri təhrif edib, səhv başa düşüb ümumiləşdirirlər. Məsələn O mənə nifrət edir bilirəm, ona görə də salamatı o məni qovmamış mən ərizəmi yazım çıxım gedim
2. Öz həyatını təhlükə altlına alır, tədbirsiz davranır. Məsələn şlem geyinməmiş motosiklet sürmək, dərindən bronzlaşmaq üçün günəş qoruyucularından imtina etmək, şaxtalı havada başı açıq çıxmaq, pandemiya vaxtı koronalı adamlarla görüşmək, qoruyucu maskalardan imtina etmək. Çox vaxt inanc odur ki, mənə heç nə olmaz.
3. Hədəflərinə doğru irəliləyişinin (progress) tədricən (habitually) qarşısını almaq, gecikdirmək və ya öz ayağından vurmaq. Məsələn Hər şeyi atıb belimə backpak taxıb bir dəfəlik çıxıb gedəcəm buralardan. Bizdə də oxşar deyim var ki, insan yaxşı gününə dözmür. Universiteti fərqlənmə ilə bitirdikdən sonra həyatındakı şəxsi və peşəkar prioritetləri müəyyənləşdirə bilməyən gənc işə başlayır və tədricən işdən də soyuyur. Görüşlərə gecikir, öz kolleqaları ilə sağlam münasibət qurub komandaya aid hiss edə bilmir və sonda işini də karyerasını da bitirir. Bütün varidatını bir çantaya yığıb bir nəfərə qoşulub şəhəri tərk edir. Görünür çoxumuzun problemi disiplin əksikliyidir.
4. Normalda daşıya bildiyindən daha çox və tez-tez daxili qarışıqlıq (turmoil) yaşamaq. Yuxarıda qeyd edilən nevrotik tendensiyalara tab gətirməyib bir çanta ilə şəhəri tərk edənlərdən fərqli olaraq bəzi cəsur şəxslər öz yolunu davam etdirmək əzmi göstərir, lakin bu yolda şəxsi stresslə böyük bir bədəl ödəyir. Əsas inanc o olur ki, keçirdikləri məyusluğun səbəbləri onlardan asılı deyil. Eyni zamanda ümidsizliyə qapılıb bədbəxtliklərində (misery) özlərini günalandırırlar. Bu tip insanlar tədricən çox vaxt özləri də fərqinə varmadan müxtəlif psixosomatik xəstəliklər formalaşdırırlar: xora, yüksək qan təzyiqi, kolit, bayılma, dəri qaşıntıları, baş ağrıları, allergik reaksiyalar, və qeyri-adi yorğunluq hissi. Ən pis halda antidepressant dərmanlardan asılı vəziyyətə düşürlər.
5. Özləri və başqaları ilə yersiz konfliktlər yaratmaq, yaşatmaq. Bəzi irrasional inanclardan irəli gələrək bəzi insanlar özü və başqaları ilə vuruşmağı bir vərdiş halına gətirir. Adətən birbaşa münaqişəyə təhrik etmirlər, sadəcə antaqonist ziddiyyətli yanaşma, zəif kasad kommunikasiya bacarıqları ilə qarşı tərəfin səbrini tükədirlər və konflikt yaranır. Sonra da şikayətlənirlər ki, heç kim məni yola vermir və münaqişəsiz işlərim həll olunmur.
Bəs yaxşı, bu davranışların kökü nədir axı?! Cavabı sadədir: təhrifedilmiş düşüncə (distorted thinking). Əgər ağıl beyin (mind-brain) ikilisinə kompüter prizmasından yanaşsaq əksər insanlar fitri olaraq (innately) zəif proqramçıdırlar. Onlar qeyri-mükəmməl dünyada xoşbəxt yaşamağa özlərini nadir hallarda kökləyib, konfiqurasiya edə bilirlər. Nevrozlar xüsusilə bu işdə bacarıqsızdırlar. Baxmayaraq ki, irrasional davranışlar bəzən hardware xətasına (neurologic impairment) əsasən baş verir, bəzən bu həm də özünü müdafiə edən irrasional inanclar, özümüzün yaratdığı tələblər, ehtiyaclar, “malı-məli”lər kimi software xətadan qaynaqlanır.
Əslində mexanizm belədir stimul-inanc-cavab (stimulus-belief-response) və ya REBT-də təsvir edildiyi kimi ABC modeli (Actions-Beliefs-Consequences). Fikri açsaq, bizi əslində narahat edən nəticələr (Сonsequences) həyat hadisələri (Actions) deyil, bizim inanclarımız (Beliefs), irrasional tələblərimiz və məsdərlərimizdir. Özümüz ideal olmadığımız kimi başqalarından ideal davranış gözləmək, ətrafımızdakıları dəyişməkdə israr etməyimiz və onları öz qəliblərimizə yerləşdirməyimiz, eyni zamanda bütün olanlara görə özümüzü günahlandırmağımız özü belə yanlış və irrasional inanclardır.
Bəxtimiz gətirib ki, xətalı proqramlaşdırmada errorları düzəldə bilərik (debug) və öhdəsindən gələ bilərik.
1. Obyektivliyi artırmaq və çaşqınlıq yaradan faktları, müdaxilələri azaltmaq
2. Özümüzü tədricən riskə atacağımız vərdişlərdən qurtarmaq
3. Daha yüksək prioritetlərimizlə toqquşan gündəmlərdən qurtulmaq (!)
4. Özünü müdafiə tələbatını, günahlandırmanı realistik seçimlər və dəyərlərlə əvəzləmək
5. Özümüzü və başqalarını xətalı (fallible) insanlar (human beings) kimi qəbul etmək
Sonda sizə bir yaxşı, bir də pis xəbərim var. İrrasional inanclardan qaynaqlanan düşüncələrimizi dəyişə bilərik mi? Bəli! Asan olacaq mı? Xeyr!
2020-ci il nadir illərdən idi ki, bütün baş verən hadisələr fonunda ağlımızı itirməmək üçün nə qədər çətin olsa da rasional olmalı idik. Pandemiya, müharibə, mediada tez-tez rastlaşdığımız intihar xəbərləri, boşanmaların sayında artımlar, antidepressantlar, psixotrop maddələrin satışında müsbət dinamika və daha nələr, nələr. Əslində 2020-ci il Existential crisis yaşamaq üçün ən münbit il idi, hamı birdən həyatının mənasını sorğulamağa başladı və beynində suallarla daxili dünyasına qapandı. Deyilənə görə hər bir insan ömründə azı bir dəfə existential crisis-mövcudiyyət, varlıq böhranı yaşayır. Təbii bu fərqli istiqamət və çox geniş mövzudur. Maraqlı olanlar Google axtarış edə bilərlər və ya vaxtı varsa edX platformasında HOPE Human Odyssey to Political Existensialism kursunu götürə bilərlər.
Yazını asiyalıların fəlsəfəsinə aid olan bir kəlamı – dua da adlandıra bilərsiniz – ilə yekunlaşdıraq:
Let me forge the courage and effort to change what I can change, the serenity to accept what I cannot change, and the wisdom to know the difference. Yəni ki,
“Dəyişdirə biləcəyim şeyi dəyişdirmək üçün cəsarət və səy, dəyişdirə bilməyəcəyimi qəbul etmək üçün aydınlıq və ikisi arasında fərqi bilmək üçün müdriklik ver. ”
Salamat qalın və özünüzün həm psixoloji, həm də fiziki olaraq qeydinə qalın.
Qeyd: bu yazı 2021-ci ildə natadan.com bloqunda dərc edilmişdi.