Arxiv
London - ilk Solo səyahət
Natavan
Yazıçı · 3 oktyabr 2026 · 5 dəq oxu

Bir dəfə internetdə 30 yaşa kimi mütləq edilməli olanların siyahısı çıxmışdı qabağıma. Solo səyahət də onlardan biri idi. Qismət 30 yaşa üç il qalarkən 2019-cu ilin Sentyabr ayına imiş. Həm də Londona. Hələ TLS viza mərkəzində olarkən növbəti dəfə imtina alan oğlanın sərt reaksiyasını görəndə narahat olmuşdum. Amma işin içində ezamiyyə var idi deyə 6 aylıq vizamı rahatlıqla ala bildim.
London yəqin ki uşaqlıqdan hamımızın görmək istədiyi bir şəhərdir. Çünki şəhərlə ilk tanışlığımız hələ məktəb illərində ingilis dili dərsliklərində Big Ben ilə, Trafalgar Square, Buckingam Palace şəkilləri ilə başlamışdı. İngilis dil biliyimiz də “London is the capital of Great Britain” cümləsini səlis və səhvsiz qura bilmək bacarığı ilə ölçülürdü. Təbii o məktəb illərindən bu yana 13 il keçmişdi çox şey dəyişmişdi, Big Ben restorvasiyaya getmişdi bircə, Queen Elizabeth-in başında tacı ilə şəkilindən başqa.
17 SENTYABR LONDON GATWICK HAVA LIMANI
Mərkəzə necə gedə bilərəm sualıma yenə sağolsun Google cavab verdi. Victoria Line ticketlə. Biletin ödənişini edəndə başa düşdüm ki, bu trip mənə baha başa oturacaq: 18 pound one way.
Qatar hər gate-dən 5 dəq-dən bir gedir, indi gəl tutuzdur ki, ötürməyəcəksən qatarı. Birini 1 dəq ilə ötürdüm deyə növbəti gate-də qatara ən az 10 dəq qalana mindim ki, qapılar arasında qalıb vaxtımı itirməyim. Pəncərədən mərkəz kənarında yerləşən iki mərtəbə şəxsi evlərə baxaraq hələ kitablardakı Londonun bir işarəsini belə tapmadan çatdım metroya. Londona gedən hər kəs bilir ki, şəhərdə taksi istifadə etmək ağılsızlıqdır. Tube və qırmızı avtobusların sistemi sağ qulağa sol əllə çatmaq kimi mürəkkəb olsa da hər yerdən keçir, rahatdır və münasibdir. Əminsiz ki münasibdir?! 1 və 2-ci zona seçirsən 5 gün olsa da “at least 4” olduğundan bir həftəlik bilet alırsan üstünə də Oyster kartının pulu cəmi məbləğ bizim pulla edir-80 manat. Hələ hotelə çatmamışdım 120 manat nəqliyyata xərcləmişdim, bəlkə yol yaxın ikən vətənə geri qayıdardım-Le Penseur-düşünən insan heykəli
Təxminən iki saatlıq qatar, metro turundan sonra öz dayancağıma çatdım-Russel Square
Metrodan çıxan kimi yol boyu bir-birini izləyən qırımızı avtobuslar, badımcan yox London taksiləri, beyin qarışdırmaqdan başqa bir işə yaramayan səkilərin qabağına yazılan “look left”, “look right” xəbərdarlıq işarələri və qulaqları oxşayan British accent. Budur artıq o dərslikdəki Londondayam.
İşıqforun piyadaya “dayan!” deməsinə baxmayaraq -maşın yoxdursa yolu keç- şüarı ilə qürurla sağa-sola baxıb yola çıxan Londonlulara qarşı bir doğmalıq hissi duydum, bizdən biri idilər sanki.
ROYAL NATIONAL HOTEL
Londonda hotellərin qiyməti dodaq uçuqladanlardandır ələxüsus mərkəzdə. Gülərüz cavan Yelizaveta şəkilli pulları adam risk edib ikiyə vura bilmir. Lakin bir az yaxşı axtarış edəndən sonra gecəsi 90 funta mərkəzdə Russel Square parkının 10 addımlığında, Britaniya muzeyindən 7 dəq piyada olaraq aralı, səhər yeməyi daxil 3 ulduzlu hotel tapmaq mümkündür-Royal National Hotel. O qədər qürurlu və nikbindir ki, Booking.com-dan qonaq qəbul etməyi özünə yaraşdırmır. Bir-birindən 5-10 dəq aralıqlarda yerləşən bir neçə hotellər şəbəkəsindən ibarət özünün öz dünyası, necə deyərlər booking.com-u var imperialhotels.co.uk. Açığı google review reytinqi 5 üzərindən üç idi, amma öz şəxsi təcrübəmdən deyə bilərəm ki, 5 üzərindən 4. Bir xalını Nazim Hikmətin “en güzel deniz, henüz gidilmemiş olanıdır” prizmasından yanaşaraq kəsirəm. 9228 nəfərin qiymətləndirdiyi şərhlərdə bir nəfərin hoteldə qalacaqsızsa yeni bərpa olunmuş “The City Sleeper” hissəsində qalın yazmışdı. Mən də book edəndə kind request kimi məni yenicə bərpa olunmuş hissəsinə salmaqlarını xahiş etmişdim. Check-in zamanı etməsələr nə deyəcəm deyə əvvəlcədən nitq də hazırlamışdım. Yaxşı mənada təəcübləndirdilər- “ma’am, you have upgraded to two bed rooms. Enjoy.” 120 funtluq nömrəyə salmışdılar. Yeni təmirdən çıxmışdı deyə otaq çox təmiz, səliqəli, işıqlı idi. Pəncərəm British Telecom Tower və UCL kitabxanasına baxırdı. UCL görəndə dilxor oldum. Sonuncu dəfə UK-də oxumaq üçün müraciət etmək istədiyim universitetlərdən biri idi, amma full təqaüd ala bilmədiyimə görə xaricdə təhsil dəftərini bağlamışdım. Həyatın işinə bax ki indi ezamiyyə məqsədi ilə gəldiyim Londonda hotelimin pəncərəsi UCL division of Psychology and language sciences binasına baxırdı. Görəsən mənə verilən mesaj nə idi? deyə düşündüm, amma İngiltərədə olduğumu xatırladım bəli, həyatın ingilis sayağı zarafatı idi gülməli deyildi, amma gülmək üçün nəzərdə tutulmuşdu. Uzun sözün qısası Londona gedəsi olsanız və mərkəzdə qalmaq sizin üçün vacib amildirsə o zaman üç ulduzlu münasib qiymətli Royal National Hotel, lakin The City Sleeper qütbü.
KİM DEYİRDİ LONDONA HƏR GÜN YAĞIŞ YAĞIR?
Yerlilərin dediyinə görə çox şanslı idim. Londonda yağış görmədim. Həqiqətən də 5 gün ərzində bir dəfə də olsun yağış yağmamışdı, günəşli London məndə əsl yaşanılası şəhər təəssüratı yaratmışdı. Elə bu xoş havanın sayəsində iki gün bütün gün şəhəri piyada gəzə bilmişdim.
BİRİNCİ ŞƏHƏR GƏZİNTİM
Tower Bridge ilə başlamışdı. Deyilənə görə hələ 125 il əvvəl körpünün açılışı olərkən media tərəfindən Temza çayı üstündə ən çirkin tikili kimi qələmə verilmişdi. Hətta bir iki dəfə onu sökmək də ağıllarına gəlib. Amma vaxt keçdikcə Londonlular arasında rəğbət qazanıb və bu gün şəhərin mühəndislik və arxitektura simvoludur. Sözün düzünə qalsa o qədər çirkli Temza çayının eybini örtən yeganə gözəl körpüdür fikrimcə. Körpünün üzərindən qarşı tərəfə keçdim ordan da sahil boyu Queens walk – Yelizaveta yürüyüşü etdim. Bütün çay sahili boyu piyada fərqli küçələrdən, Borough bazarın içərisindən keçdim, yolüstü red bus shoplara dəydim, xatirə hədiyyəlik suvenirlər aldım, Millennium körpüsü, south bank, London Eye, Westminister körpüsü deyərkən bir də “gördüm” ki, “məndən bu qədər” deyib 4 illik məzuniyyətə çıxan qocaman üstü dəmir konstruksiyalarla örtülmüş 1.5 əsrlik Big Ben. Bu fonda çəkdirsəydim 28 Mayda bir-birinə yaxın hündürmərtəbəli bina tikintilərindən fərqi olmayacaqdı deyə elə körpünün üstündə Londonun gözü ilə fotom olsun istədim. Şəkillərimi də italyan, asiyalı turistlərə çəkdirirdim. Etiraf etməliyəm ki, şəkil çəkərkən can yandıran elə məhz asiyalılar idi, hətta o qədər fotoqraf abu-havasına girib ağını çıxarırlar ki, arada utanıb –kifayətdir, çox sağolun– deyirdim və bir fonda müxtəlif bucaqlardan çəkilən 15-20 şəkilləri müqayisə edib silməli olurdum.
AHH BU Z NƏSLİ VƏ YA İQLİM DƏYİŞİKLİYİ
Hələ hoteldən çıxıb qırmızı avtobusla Tower Bridge-ə getmək istəyəndə sürücü bu gün mitinq var yollar bağlıdır, ən yaxşısı metro ilə get demişdi. Körpünün üstündə Londonun gözü ilə şəkil çəkdirəndə, vertalyot səsindən, izdihamdan başa düşdüm ki, aksiyanın göbəyinə gəlmişəm. Birdə gördüm arxada minlərlə insanın düzüldüyü sıranın başındayam və mitinqi təşkil edənlər də kim olsa yaxşıdır ?-məktəblilər. Hamının ağlında qışqıran qız kimi qalan, amma əslində Asperger sindromlu cəsur İsveçli aktivist Greta Thunberg tərəfindən ilhamlanan Z nəslin nümayəndələri iqlim dəyişikliyi ilə bağlı eyni gündə dünyanın müxtəlif şəhərlərində etiraz aksiyasına çıxmışdılar. Bu dünya tarixində iqlim dəyişikliyi ilə bağlı baş tutmuş ən böyük etiraz yürüyüşü idi. Açığı çox təsirləndim. Təsəvvür edin BMT-nin İlqim Sammitinə üç gün qalmış 20 Sentyabr tarixində dünyanın 150 ölkəsində, 4500 ərazisində 6 mln gənc və məktəblilər sosial şəbəkələr üzərindən əlaqə saxlayıb eyni zamanda iqlim dəyişikliyi ilə bağlı qlobal yürüyüşə çıxırlar. Hamı xoş simalı, sülhpərvər, dostyana, sivil qaydada yürüyüşünü edirdi. Plakatlara nəzər saldım fürsət bu fürsət deyib “Novxanıda 3 sot torpağıma kupça almaq istəyirəm” tipli off topic, əlaqəsiz şüarlardan tutmuş “Trump və Boris” qardaşdır məsxərəsinə qədər hər cür personaj var idi. Uşaqlar hökumətə müraciət edib deyirdi ki, “Siz yenə qocalıb öləssiz, amma biz iqlim dəyişikliyindən cavan gedəcəyik”. Gəzinti planımı pozmamaq üçün aksiyada çox vaxt itirmədim, amma onlara qoşulub bir-iki şüarı birlikdə təkrarladım və çoxlu, fərqli səslərin bir məqsəd ətrafında birləşib tək səs olmasının coşqusunu yaşadım:
-When do we want?
-Now!
-What do we want?
-Climate justice!
Bu səliqəli, mədəni səs küydən ayrılıb getdim üzü Yelizavetagilə. St James park kraliçanın evini o səs küydən ayırmaq üçün qurulub bundan əmin oldum. Parkdakı abu-hava ruhumu qidalandırdı deyə bilərəm, rəngarəng gül-çiçəklər, özü üçün gəzişən ördəklər, günəş altında uzanıb təbii D vitamini qəbul edən şəhərlilər, kraliçanın uşaqlığının şahidi olmuş sıx budaqlı günəş işığını alababat keçirən ağaclar. Bir az fasilə etdikdən sonra Trafalgar meydanında Nero Cafeyə ordan da shopping üçün Covent Garden, Oxford Street, Regent Street istiqamətində gəzərək getdim.
İKİNCİ ŞƏHƏR GƏZİNTİM
Londonda sonuncu günümün səhərini Baker küçəsində 221B Sherlock Holmes-in evində keçirtmək qərarına gəldim. Uzun növbədən sonra darısqal pilləkanlar ilə detektivin xudmani evinə qalxdım və Benedict Cumberbatch-ın oynadığı serialın kadrları gözümün qabağından keçdi. Xatirə olsun deyə bizim pulla 40 azn civarında muzeyindən qol saatı aldım. Papaq təxminən 100 man edirdi deyə almadım, yaxşı ki də almadım. Çünki muzeydən sonra getdiyim Notting Hill-də Portobello bazarından yaxşı endirimlə 30 azn-ə aldım.
32 yaşlı Julia Roberts-in baş rolda oynadığı Notting Hill filminə yəqin ki çoxlarınız baxmısız. Filmin çəkildiyi və Londonluların sevimli həftəsonu məkanı məhz elə Notting Hill və Portobello bazarıdır. Bir anlıq İstanbulun Balatındayam kimi hiss etdim. Rəngli binalar, antik əşyalar dükanı, kiçik kafeler, dəzgahına əl işlərini, yeni və ikinci əl əşyalarını satışa çıxaran qadınlar, kişilər. Altıncı gün idi deyə çox adam var idi. Film çəkilən evin qapısını tapdım qarşısında şəkil çəkdirdim və söz verdim ki, evə qayıdan kimi ilk iş Notting Hill filminə baxmaq olacaq, nəticə:baxmadı.
Londonda exchange-də istər euro olsun, istər dollar öz pullarına çox baha dəyişirlər. O qədər itki olurdu ki, çalışdım ancaq qeyri-nağd ödənişlər edim. Amma Portobello bazarında bəzi dükanlar həm də pul dəyişirdilər. İnsaflı idilər, Valyuta proqramı ilə müqayisə edəndə çox da fərq elemirdi.
Mənə Londonda ayrılan vaxt azalırdı deyə Notting Hilldə yubanmamaq və avtobusla milyonerlər məhləsi olan Knightsbridge-ə getmək qərarına gəldim. Ən gözəli də avtobusla imiş. Rəngli, ağ aqlaylı iki-üç mərtəbəli yaşayış evləri olan küçələrlə üzü Hyde park istiqamətində maraqlı marşrutla getdik, bir anlıq hop on hop off avtobus turunda kimi hiss etdim. Avtobus dayanacağında düşəndə dəbdəbəni hiss etməmək mümkün deyil. Formula-1 Bakı şəhər halqasında yarış vaxtı səsləri xatırladan sport maşınlar, bikerlər yolda şütüyürdülər, ərəblər və başqa varlı turistlər isə brend dükanlardan etdikləri alış-verişlə gecəsi >2000 azn olan Mandarin Oriental Hyde Park hotelinə qayıdırdılar. Bu küçələrin bahalılığı Monopoly oyunundan yadımda qalmışdı. Az mı olub Mayfair, Parklane küçələri üstündə bir birimizlə dalaşmağımız, bir dəfə kirayə pulu almaqla rəqiblərimizi bankrot etməyimiz və nəticədə oyunu udmağımız. Təbii ki, bu dəbdəbəyə uzaq həm də yaxın olan, lakin hər kəsə qucaq açan əsrlərin sınağından keçən Hyde park var idi, özün də bir küçə aralıqda. Startbucksdan yaşıl çayımı alıb getdim Serpentine gölünün ətrafında oturub şəhərlə sağollaşmağa. Göldə üç hərəkət var idi: quşlar, gəzinti qayıqları və üzən insanlar. Deyilənə görə məntiqi əsası olmayan, amma ənənə halını alan 31 Dekabrda buzlu suda üzmək təcrübəsi var imiş Londonluların. Özləri də niyə belə edirlər bilmirlər, hər halda Mr.Bean səyahətdə filmində yolu səhv keçən aktyora fransız polislərin kameradan baxıb istehza ilə “Il est Anglais” deməsi yadıma düşdü.
SOLO SƏYAHƏT…
Kiçik şezlonqda oturub solo səyahətim, London xatirələrimi bir sahmana saldım. Şəhəri nə qədər çox sevdiyimi dərk etdim, çox doğma və mehriban idi. Şəhər o qədər canlı, rəgarəng idi ki, heç solo səyahət edirmiş kimi hiss etmədim.
Öz tempimə, planıma və qrafikimə uyğun hərəkət etməyim; heç kimlə razılaşdırmadan, görüş təyin etmədən spontan gəzmək qərarlarım; şəhərin nəbzini mühakiməsiz tutmağım; fərqli həyatları müşahidə etməyim; tanımadığım insanlarla qısa müddətli ünsiyyət qurmağım və s bu kimi kiçik azadlıqlar və xoşbəxtliklər solo səyahətin dadı duzudur məncə. Amma xatirələri, təəssüratları həmin andaca paylaşmaq, daha yaxşı şəkillər çəkdirmək, afternoon tea götürmək, qəşəng sözlü söhbətli nahar etmək, xərcləri bölüşdürmək, ən əsası isə Russel Square kimi ekskalatorsuz metro dayancağında platformaya yük baqajını daşımaq üçün solo səyahətə deyil yaxşı yol yoldaşına ehtiyac duyulurdu. Bir şeydən əmin oldum: səyahət öncəsi keçirilən narahatlıq hissi boşunadır, hava limanından çıxanda sanki illərdir burda yaşayırsan kimi xüsusi öz güvən, cəsarət gəlir adama. Google maps direction, mapsme və power bank isə etibarlı yol yoldaşları olaraq özünüzü tam bir Londonlu kimi hiss eletdirir.
30 yaşa kimi olmasa da olar, amma bir dəfə də olsun solo səyahətə çıxın məncə.







Qeyd: yazı 29 noyabr 2019-cu ildə natadan.com bloqunda dərc edilmişdi