Arxiv

Kiçik şeyləri dərd eləməyin-10 məsləhət (6 dəq)

N

Natavan

Yazıçı · 4 oktyabr 2026 · 5 dəq oxu

Kiçik şeyləri dərd eləməyin-10 məsləhət (6 dəq)

Hər gün peşəkar və şəxsi həyatımızda bizi həm narahat edən, həm də sevindirən müxtəlif anlar yaşayırıq. Hər gün etdiyimiz və fikir vermədiyimiz şeylər axırda bir vərdiş olur, həyatımızın bir parçasına çevrilir. Siçovul yürüyüşü adlanan bu günkü rəqəmsal dünyada informasiya axını o qədər sürətli və çoxdur ki, keçən günlərin, həftələrin fərqinə belə varmırıq. Və çox vaxt eyni şeyləri edərək həyatımızı rutinə çeviririk və müəyyən andan sonra dejavu yaşayırıq...

İnsan özünü, həyatında baş verənləri kənardan izləməli və avtomatik fəaliyyətini dərk etməlidir. Onu narahat edən xüsusiyyətlərini, düşüncələrini təhlil etməli və ən əsası özünə “niyə?” sualını verməyi bacarmalıdır. Yoxsa bizi narahat edən kiçik şeylər toplanar, böyüyər və həyatımızın mərkəzini təşkil edə bilər. Təbiətən neqativ düşüncəyə yaxın olan insan sonda özünü bilinməzlər içində tapar və hüzursuzluğunun, narahatlığının səbəblərinin ipini əldən buraxar. Necə deyərlər “Dəyişdirə biləcəyiniz şeyləri dəyişdirin, dəyişə bilməyəcəklərinizi olduğu kimi qəbul edin və aradakı fərqi başa düşəcək ağlınız olsun”.

Bəs yaxşı həyatımı o baxımdan nisbətən də olsa yaxşılaşdırmaq üçün hansı məsləhətlərdən istifadə etməliyəm? Kiçik şeyləri vecimə almamaq üçün ən əsası daxili rahatlığımı, hüzurumu yenidən geri qazanmaq üçün nələri etməliyəm? Buyurun, Dr. Richard Carlsonun 100 məsləhətindən “ən”lərini sizə təqdim edirəm.

1. Qüsursuz ola bilməyəcəyinizi qəbul edin

şkafın dağınıqlığı, avtomobildə cızıq olması, yarımçıq qalan işlər, tərəzi ilə kilo müharibəsi aparmaq, sevmədiyimiz birinin bizi qıcıqlandıran hərəkətləri, başqalarının yaşam tərzi, qonşunun bağındakı samanlığın yaşıl çəmən olması düşüncəsi, yaşıdlarımızın uğurları ilə müqayisələndirmək və nədənsə həmişə də özümüzü əksik tapmağımız və s hallar əslində kiçik şeylərdir. Diqqətimizi onlara yönəltdikcə, qüsursuz olmağa çalışdıqca özümüzü yersiz yerə daha çox yükləmiş oluruq.

2. Sevgi tutumunuzu böyüdün

sevgi başqa insanların seçimlərinə anlayışla yanaşma halıdır və onu yaradan bir hissdir. Özümüzü başqalarının yerinə qoymaq və qınamamaqdır. Bu hiss digər insanların problemlərinin, əziyyətlərinin, sıxıntılarının, dərdlərinin hər baxımdan bizimki qədər gerçək olduğunu göstərir.

3. Unutmayın: öldüyünüz zaman, görüləcək işlər siyahınız hələ də dolu olacaq

Çoxumuz həyatımızı əslində cəmiyyətin bizə aşıladığı gizli hədəflərə uyğun, “hər şeyi etməliyik” kimi yaşayırıq. Gecəyə kimi işləyib səhər tezdən qalxarıq, əyləncədən qaçarıq və bizi sevənləri, sevdiklərimizi gözlədərik, gözü yolda buraxarıq. Təəssüf ki, belə uzun gözləmələr bəzən şəxslər arasında soyuqluq yaradır və münasibətləri bitirir. Qoy bunları da edim ondan sonra rahatlayacam, xoşbəxt olacam, ailə quracam, gün üzü görəcəm deyirik. Amma əslində bu belə deyil. Siyahıdakı hər bir bənd silindikcə yerinə başqası əlavə olunur. Kimliyimizdən və gördüyümüz işdən asılı olmayaraq unutmayaq ki, dünyada heç nə bizim və sevdiklərimizin xoşbəxtliyindən, rahatlığından vacib ola bilməz.

4. Heç kimin sözünü kəsməyin; cümləsini siz bitirməyin

Qurulan dialoqların əksəriyyətində tərəflər bir-birini tam olaraq eşitmir. Biri digərini baxışları, davranışları ilə tələsdirir, qurduğu cümlənin məntiqi sonluğunu tapır, müdaxilə edir və eyni zamanda o cümləyə nə şərh verəcəyini düşünür. Dialoq zövqdən çox əziyyətə çevirilir. Qarşı tərəf tələsiyə düşür, tez-bazar cümləsini bitirməyə çalışır ki, birdən başqalarını bezdirərəm, maraqsız olaram. Bu tip dialoqlar nəticə olaraq, hər iki tərəfi əsəbi və narahat edər, yorar. Çünki hamımızın ən çox nifrət etdiyimiz şey danışdığımız zaman başqalarının bizi eşitməyi lakin dinləməməyidir. Mümkünsə özünüzə-danışan insana qarşı səbrli olmağı, cümləsini bitirməyini gözləməyi xatırladın. Bu vərdiş nəbzimizi yavaşladacaq və qarşılıqlı xoş həmsöhbət hissi yaradacaq.

5. Buraxın marağı başqaları toplasın

Başqalarından özümüzə ehtiyac duyduğumuz maraq hissi əslində bizim eqoist tərəfimizdir. “Mənə baxın, mən fərqliyəm, mənim danışacağım şeylər sizinkindən daha maraqlıdır!” tipli ehtiyaclar. Dostunuz sizə başına gələn hadisəni, uğurunu danışanda, sevincini paylaşanda fikir verin: daxilinizdə mütləq özünüz haqqında eyni tipdə hadisə danışmaq və qarşılıq vermək ehtiyacı yaranacaq.

6. İçində olduğunuz anı yaşamağı öyrənin

Gününü keçmiş və gələcək arasında keçirən insan təəssüf ki, bu gününü yaşamağı unudur. Bu günün də bir vaxtların gələcəyi olduğunu unuduruq və ansız yaşayaraq keçmişə çeviririk. Bir anlıq düşünün eyni anda, saniyədə bütün insanların ürək döyüntüsünu, əsən küləklər, dənizin dalğalanması, gecə və gündüzün qovuşması, dünyaya yeni nəfəsin gəlib son nəfəsin getdiyini, buludların marafonu bütün yaşamı düşünün. Hamısı da Carl Saganın dediyi kimi kənardan balaca solğun mavi nöqtə kimi görsənən Yer Kürəsində eyni anda məhz indi baş verir. Əsl həqiqət budur qalanı isə hülyadır...

““John Lennonun dediyi kimi-həyat, biz başqa planlar qurmaqla məşğul olarkən baş verən şeylərdir.””

7. Qoyun çox vaxt başqaları haqlı olsun

Özümüzə bu sualı verməliyik-Haqlı olmaq istəyirəm yoxsa xoşbəxt? Apardığım müzakirələrdə bir şeyin şahidi olmuşam. Hamı özünün haqlı olduğunu sübut etməyə çalışır, ortaq məxrəc anlayışı olmur və arqumentlərimizi gətirməyə vaxt olmur, çünki qarşı tərəfi təkzib etməklə məşğul oluruq. Sonda bizə qalan isə qura bilmədiyimiz cümlələr, narahatlıq hissi və günün sonuna kimi beyində aktiv qalan müzakirə olur. Düşünün. Bugünə kimi sizə haqsızsan deyən adama heç “Sən haqlısan; mənə haqsız olduğumu göstərdiyin üçün çox təşəkkür edirəm” dediniz mi?! Ya da siz haqlı olarkən sizə bunu deyən oldu mu?! Əlbəttə ki yox. Çünki mühakimə olunmağı, səhvimizin düzəldilməsini istəmirik və edənlərə də pis baxırıq.

8. Özünüzə sual verin: Bir ildən sonra bunun bir mənası olacaq mı?

ən gözəl vərdiş sizi narahat edən məsələlərlə bağlı bu sualı verməkdir. Əgər cavabınız “yox”-dursa onda narahat olmağa dəyməz, unudun, boş verin getsin. Əvvəllər vacib hesab etdiyim, ciddi qəbul etdiyim şeyləri indi xatırlayıram: necə də kiçik və cılız görsənir. Dəyməzmiş...

9. Bir həqiqəti qəbul edin: Həyat ədalətli deyil

Yaxşı insanların da başına pis hadisələr gələ bilər, pis insanlar da şanslı ola bilər. Niyə axı məmin başıma gəlir? Niyə uğurlu ola bilmirəm? Günahım nə idi ki, uğursuzluqları yaşayıram tipli sualların cavabı budur-həyat sizin düşündüyünüz və istədiyiniz qədər ədalətli deyil. Ədalətli olmalıdır da deyə bir şey yoxdur. Bu reallığı qəbul etməsək ədalətsizliklə qarşılaşdıqda həm özümüzə, həm də onu yaşayan insanlara yazığımız gələr. Bu mərhəmət hissi isə heç bir şeyi dəyişdirmir əksinə özümüzü daha da pis yazıq hiss etməyimizə səbəb olur və bizi zəiflədir.

10. Boş vaxtınızı boş keçirməyi öyrənin

Uşaqlıqdan qarşımıza qoyulan məqsədlər bizi təlaş içində yaşamağa məcbur edir. Boş dayanan kimi də özümüzü narahat, lazımsız hiss edirik və ətrafımızdakılar bizə məşğuliyyətlər tapmağa başlayır. Növbədə nə var? Görəsən nə edim, necə edim ki bu vaxtım itki olmasın deyirik. Necə də mənasız! Son zamanlar instagramda qarşıma reklam çıxır “do nothing for 15 seconds” fonda da təbiət səsləri: quş civiltisi, axar su, dəniz dalğası, yağış səsi. O qədər sürətli, tələsik, yüklənmiş yaşayırıq ki, o 15 saniyə “do nothing” bizi qıcıqlandırır və tez ötürürük ki, itki olmasın. Boş vaxtınızı boş keçirmək həyatınızın bəlkə də ən gözəl vərdişi olar. Gündə bir az da olsa belə “me time”, səssizlik ayırın özünüzə. Sadəcə tərpənmədən oturmaq, daxilinizdə baş verənləri hiss etmək, aglınızdan keçən düşüncələri müdaxilə etmədən izləmək, nəfəsinizi dərindən alıb vermək. Hər nəfəsinizdə yenilənmək, bütövdən alıb bütövə qovuşmaq. Mümkün olduqca daha dərindən daha uzun nəfəslər alıb verin tələsmədən, bütün bədəniniz və ruhunuzla hiss edərək. Bax əsl hüzur, rahatlama, yenilənmə budur.

Mənbə: “Kiçik şeyləri dərd etməyin”-Dr.Richard Carlson

Qeyd: bu yazı 2018-ci ildə natadan.com bloqunda dərc edilmişdi

Digər yazılar