Flaneuse
Ekvador - ən uzun və bitməyən yol (foto hesabat)
Natavan
Yazıçı · 17 oktyabr 2026 · 5 dəq oxu

Elə ölkələr var ki, heç vaxt siyahında olmur, amma həyat necəsə yolunu ordan salır. Mənim üçün də Ekvador elə oldu belə ki may ayında səfərim dünyanın kosmosa və ya yaradana ən yaxın şəhərlərindən biri olan Kitoya oldu. Mənə görə yol da həyatımın ən uzun və bitməyəni idi, çünki Bakı-İstanbul-Mayami-Kito istiqamətində uçuşlar oldu və Bakı-İstanbul reysi gecikdiyi üçün Forrest Gump kimi Mayami qapısına qədər aeroportda qaçsaq da təəssüf ki boarding bitmişdi. Ən pisi isə təyyarə hələ də yerdə idi və bir neçə addımlıqda olmasına baxmayaraq biz onu qaçırtdıq. Bu isə təbii olaraq domino effekti yaratdı və bütün əlaqəli uçuşlarımız dəyişilməli oldu deyə nağıllardakı kimi üç gün üç gecə yol getdik deyə bilərəm. Kito indidən öz əzəmətini və mənə çatmaq elə də asan deyil mesajını artıq vermişdi. Bu səfərə hazıralaşarkən Kito haqqında nələri bilməliyəm və haralara getmək olar deyə bir xeyli araşdırma etmişdim, tapdıqlarım isə bu idi:
1. Valyuta olaraq ABŞ dolları işlənilir
2. Axşamları təhlükəlidir və gəzməyə çıxsanız maksimum sadə görünüşdə yəni təntənədən uzaq olmaq lazımdır
3. Panama papaqlarının vətənidir sadəcə o vaxtlar gəmilər, ticarət Panamada olurmuş deyə papaqların adı Panama olaraq qalıb
4. Dünyanın ən hündür ikinci şəhəridir (mübahisə var ki əslində birinci paytaxt şəhəridir, çünki Banqladeşdəki paytaxt deyil) bunu kosmoya yaxın kimi də şərh edirlər. Təsəvvür yaranması üçün müqayisəni Xınalıq kəndindən 500 m yüksəklikdə yerləşən ölkə kimi verə bilərik.
5. Darvinin də ziyarət etdiyi məşhur Qalapaqos adalarına yaxındır
6. Hər kilometrinə ən çox biomüxtəliflik düşən ölkədir
Bunları biləndən sonra əla dedim, səyahətə və kəşfə hazıram. Təyyarə Kito şəhərinə eniş edəndən sonra hava limanında çıxdıq başı qarlı dağların ətəyində idik və abu havaya baxanda başa düşdük ki dərdimizi başa sala bilməyəcəyik. İngilis dilində danışmırdılar və bütün işarələr də ispan dilində verilmişdi. Bir iki açar sözdən istifadə edərək müasir texnologiyanın imkanlarına arxalanaraq taksiyə mindik və hotelə yola düşdük. Korona səngiməsinə baxmayaraq maska taxanlar (hətta açıq havada) xeyli idi. Yolboyu ətrafa baxanda ilkin təəssüratlarımı anlamağa çalışdım. İlkin təəssüratım bu idi ki sanki Azərbaycanın dağ rayonlarından birində lakin daha yaxşı infrastrukturlu və sıx məskunlaşmış məkanda idik. Evlər pəncərəsiz kimi görünürdü deyə əslində elə olmadığını, sadəcə rənginin qara olduğunu anlamaq bir az vaxtımı aldı. Birinci sual yarandı ki, niyə pəncərələr qara rəngdədir?
Hotelə çatdıq və çox intensiv bir tədbirə görə həftəmizin əksəriyyəti elə hotel daxilində təşkil edilən tədbirdə keçdi. Axşamlar çıxıb gəzmək fikrimizə isə qətiyyətlə yox dedilər, bunu başa düşmək elə də çətin olmadı. Saat 8-i keçməmiş küçələrdə insanların sayı azalırdı və bir az Bakının sərt karantinli, sms-lə icazə vaxtlarını xatırladırdı. Bunu bir Kitoludan soruşanda belə izah etdi ki, əvvəllər də belə oxşar vəziyyət var imiş sadəcə koronadan sonra insanlarda bir vərdişə çevrilib sanki, axşamlar çox gec saatlara qədər çöldə qalmırlar. Onsuz da təhlükəli olan bir şəhərin üzərinə bir də korona effekti gəlmişdi. Səyahətin sonu günü day trip edib şəhəri gəzməmişdən əvvəl həftə ərzində yavaş yavaş Kitonu, ümumilikdə Ekvadoru tanımağa başlamışdım. Birinci məhz mətbəxindən danışım çox ləzzətli idi və porsiyaları da doyumlu idi. Lakin turistlər üçün olan yerlərdə qiymətlərlə yerlilərin getdiyi yerlərin qiymətləri çox fərqlənirdi. Məsələn Hilton Colon hotelində vegan breakfast (avakadolu və təzə pomidorlu tam taxıl tost, kinoa tabuleh, soya südündən və qurudulmuş meyvələrdən musli, təzə meyvələr və içkidən ibarət menyu) 12.50 dollar idi. Meyvələr seçimləri çox zəngin idi passion fruit-dan tutmuş adını yadda saxlamaqda çətinlik çəkdiyimiz rəngarəng ekzotik digər meyvələrə qədər. Əsas yeməklərə gəldikdə isə tipi Ekvador qastronomiyası adlı başlıq altında isə ən məşhuru 18 dollara olan Churrasco idi: steyk yanında düyü, qızardılmış yumurta, fransız kartofları, avakado və salat. Ceviche isə məşhur soyuq suplarından idi və onun da özünə məxsus yemə tərzi var idi. Belə ki, zövqə uyğun içində qurudulmuş qarğıdalı (pop corn), qurudulmuş banan və s daxil edilir. Qurudulmuş banan isə çips əvəzi çox geniş istifadə edilirdi, hətta marketlərdə də bu üçlünün qarışdırılmışını paket çərəz kimi satırdılar. Kitoda olub da empanada yememək isə günah olardı, qarğıdalı unundan geniş istifadə edilirdi deyə bu məxsusi dadı hiss etmək olurdu.
Əlavə olaraq Kitoluların mehriban olduqlarını, köməyə hazır olduqları haqqında fərqli hekayələr də eşitdik. Birinin isə canlı şahidi olduq, belə ki, axşam alış veriş mərkəzindən Ekvadora xas məşhur şokolad, kofe, gül toxumlarından almaq üçün marketə getmişdik və saat 9 üçün ordan çıxmaq istədik. Uber tapmaq çətin oldu deyə gözləyirdik və alış veriş mərkəzində işləyən bir kitolu öz oğlu ilə durmuşdular, bizim turist olduğumuzu başa düşdülər və kömək etmək istədilər. Bəxtimiz gətirdi ki, oğlu ingilis dilində danışa bilirdi və bizə nə badə uberə minəsiniz dedilər. Axşam saatlarında uberə minib soyulanlar az olmamışdı ona görə də yalnız rəsmi taksi nişanlı sarı maşınlara minmək lazım idi. Sözün düzü saat 9-da Kitonun mərkəzində çöldə belə insan və maşın seyrəkliyi ilə qarşılaşa biləcəyimizi düşünməmişdik, saata baxmasanız elə bilərdiniz ki, gecə 1-dir. Sağolsunlar bizim işimizi ispanca həll edib rəsmi taksi çağırdılar və hotelə yola saldılar. Hoteldə qalan qonaqlar isə axşam hotelin 20 addımlığında bir restorana getmək istədiklərini və restoran sahibinin belə tək gəzməyin deyib onları hotelə kimi müşayiət edib qaytardığını danışdılar. Təbii ki bütün bunlar bizi bir daha əmin etdi ki, şəhəri gəzmək üçün bələdçili tur götürmək lazımdır. Demək olar ki, bütün qonaqlar da belə edirdi. Adambaşı 120 dollara bütün şəhərin görməli yerlərini maşınla gəzdirib hotelə qaytarırdılar. Axır ki, Kitonu gəzərək kəşf edə bildik və çox maraqlı məlumatlar öyrəndik. Şəhərdə diqqətimi çəkən bir məqam əhalinin boyunun balaca olması idi, qəribə odur ki, hamısı qadınlı, kişili elə idilər. Yəqin kosmosa ən yaxın olmağın da belə bir bədəli var. Şəhər çox hündürdə yerləşdiyi üçün Bakıda dəniz səviyyəsindən 27 m aşağıda yaşayan biri üçün kəskin təzyiq dəyişikliyini hiss etmək mümkün idi. Pilləkanları qalxarkən cüzi ağırlıq hissi, təngənəfəslik, bəzən yüngül baş ağrıları və diş ağrıları. Yəqin problem bizdədir deyib bir-birimizlə paylaşmırdıq lakin həftənin yarısında şikayətlərimizi müzakirə edəndə başa düşdük ki biz tək deyilik.
Alış veriş üçün əsas ideyalar:
Şokolad – Birinci Afrikada yoxsa Ekvadorda kəşf edilməsinə dair hələ də mübahisəli fikirlər olsa da Ekvador kakaonun vətəni sayılır. Buna görə də mütləq alıb dadına baxmalı ya da sevdiklərinizə hədiyyə gətirməlisiniz. Əsas məsləhətli olan markalar Pacari və Chocolate Republica del Cacao-dur. Ümumilikdə isə 3500 il əvvəl koko ağacının Afrikadan gəldiyinə dair də fikirlər var. Lakin domesticated coco ilk dəfə məhz Ekvadorda olub.
Qəhvə - Kitoya getmişkən qonşu ölkələrin məşhur kofelərindən almaq lazımdır. Marka olaraq piedra&negra, juan valdez (kolumbiya), velez
Panama – papaqları istənilən keyfiyyətdə satılır qiymətlər isə 20 dollardan 100 dollara qədər dəyişir. Papağın hörgüsü zərifləşdikcə qiymət qalxır.
Yun geyim – alpaca yunundan şarflar, pançolar demək olar ki, ilin bütün mövsümində satılır və çox istifadə edilir
Qızılgül toxumu – bu güllər burada tamamilə fərqlidir və Ekvador sortu kimi də tanınır. Belə ki, ekvatorda qızılgüllər böyüyərkən günəşə birbaşa baxır deyə bahalı növ sayılır çox möhtəşəm olur. Hər il burada gülçülüklə məşğul olan şirkətlər ortalama 12 mln qızılgül ixrac edir. Maraqlısı odur ki, Azərbaycandanam deyəndə bura gülçülüklə məşğul olan və gül almağa gələn Azərbaycanlılarla tanış olduğunu dedi.
24 may tarixində xoş təsadüfə rastlandıq belə ki, İspaniya müstəmləkəçiliyindən qurtulub müstəqilliklərinin 200 illiyini qeyd edəcəkdilər. 200 il yəni iki əsr keçməsinə baxmayaraq şəhər çox təvazökar idi belə ki, elə də çox inkişaf etməmişdir.
1999-cu ilə kimi sucre valyutanı istifadə edilirdi lakin davamlı infilyasiya və iqtisadi vəziyyətdə qeyri-stabillik öz milli valyutalarından imtina edib dollara keçməyə sövq etmişdir. Hal-hazırda sucre-nin dizaynını canlandırıb suvenir kimi satmaq istəyirdilər. Kito şərqdən qərbə cəmi 6 km idi. Ölkədə 4 vulkan var 3-ü sönüb biri isə aktivdir və axırıncı dəfə vulkan püskürməsi 1999-cu ildə baş vermişdi.
Ölkə 4 regiondan ibarətdir: Andes (And dağları və Kito da orda yerləşirdi), Amazon, Galapagos, Coast (sahil). Əhalisi 17 mln nəfərdir, Kitonun isə sakini 2.7 mln nəfərdir. İlk sivilizasiyaları Quitokaras mənası isə middle to earth karas people, məlum olduğu kimi Ekvator xətti çəkdiyi middle, mərkəz sözləri toponimlərdə geniş istifadə olunurdu. Yeri gəlmişkən bu əhali dağları istinad nöqtəsi götürərək ekvator xəttinin haradan keçməsini hesablayırdılar.
16-cı əsrdə ispanlar gəlmişdir. 300 ilə yaxın ispan koloniyasını yaşamışlar. Yerli əhalinin yaşadığı regiondan asılı olaraq danışdıqları dillərin sayı 13-dür. Amazonda öz dilləri var: kichua və perudan gəlir. 1912-ci ildə din təhsildən ayrılmışdır.
Şəhərin mərkəzində yerləşən San-Fransisco kilsəsinin yanında tikinti gedirdi və məlumat verildi ki, metro tikilirmiş və açılış olandan sonra dünyanın ən hündürdə yerləşən metrosu olacaq. Bu ərazilərdə ilk yaşayan insanlara quitokaras yəni middle to earth karas people deyirdilər. Ümumilikdə milli geyimlərində və ənənələrində güzgü elementi diqqətimi çəkdi və soruşanda dedilər ki, ispaniyadan tacirlər gələrkən yerli əhalidən qızıl alıb əvəzində güzgü verirlərmiş bu da onların güzgülərlə ilk tanışlığı olmuşdu. İndiki zəmanədə güzgünü qızıla dəyişmək üçün gərək ki, güzgü özü də qızıldan olsun, yoxsa çətin məsələdir. Şəhərdən geyimlər alarkən üzərində mütləq yazısını gördüyünüz ifadə budur:
“Mitad del Mundo yəni, Middle of the Earth! ”

















Müşahidə etdiyim qəribə sakitlik çox uzun çəkmədi. 14 iyun tarixində Bakıda TV-də gördüm ki, Ekvadorlular infilyasiyaya etiraz olaraq parad etdikləri küçələrə çıxdılar.
Qeyd: bu yazı 2022-ci ildə yazılıb.